Fenerbahce taraftarlarinin sitesi
  Ana sayfa
 
“Kişilər həyat mübarizəsində uduzanda, artıq itirməyə bir şey qalmayanda intihar edirlər. Qadınlar isə bu addımı ölümə və ya kiməsə qalib gəlmək üçün atırlar”. Bu məşhur cümlələr Orxan Pamukun “Qar" romanındandır. Ölüm gözlənilmədən gələn və insanın istəmədiyi halda onun həyatını yarıda qıran hadisəsir. Amma elə hallar da olur ki, şüurlu insan öz istəyilə ölümü seçərək həyatına son qoyur. Bu cür ölüm özünəqəsd və ya intihar (suisid) adlandırılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hər il insanları özünə qəsd etməkdən çəkinməyə çağırsa da, dünyada intihar edənlərin sayı artmaqdadır. ÜST-nin araşdırmaları göstərib ki, intihar həm də “cavanlaşır”. Beynəlxalq qurumun statistikasına görə, dünyada özünəqəsd edənlərin yarıdan çoxu 30 yaşınadək olan insanlardır. Hazırda özünəqəsd insan tələfatına müharibələrdən və qətllərdən daha çox səbəb olur. *** Tədqiqatlar göstərir ki, özünəqəsd edənlər öz məqsədlərini müxtəlif üsullarla həyata keçirməyə çalışırlar. Bura özünü asmaq və boğmaq, özünü suda batırmaq, çoxlu dərman qəbul etmək, zəhər içmək, çox hündür bina, körpü və başqa yüksəkliklərdən tullanmaq, soyuq və odlu silahla özünəqəsd, özünü yandırmaq, yemək və sudan imtina etmək, damarlarını kəsmək, özünü qatarın və ya maşının altına atmaq, elektrik cərəyanından istifadə kimi üsullar daxildir. Araşdırmalar göstərir ki, insanlar müxtəlif səbəblərdən öz həyatlarına son vermək qərarı qəbul edirlər. Psixoloq Asəf Kərimovun sözlərinə görə, özünəqəsdlər iki qrupa bölünür: “Həqiqi və nümayişkaranə intihar. Həqiqi intihar şəxsin qabaqcadan planlaşdırdığı məqsəddir və o, hansı vasitə ilə olur-olsun, özünü öldürür. Nümayişkaranə intihar zamanı insanın məqsədi özünü öldürməkdən daha çox, başqalarını köməyə çağırmaq, özünə diqqəti cəlb etmək, öz problemləri barədə işarə verməkdir”. Psixoloqun fikrincə, intihara müxtəlif hadisələr səbəb ola bilər: “Qarşılıqsız, nakam sevgi, ətrafdakıların insanı başa düşməməsi, işdə və ya təhsildə problemlər, böhtanlar, şantajlar, fiziki ələsalmalar, maliyyə və sağlamlıqda olan problemlər və s. Təəccüblü olsa da, qeyd etmək lazımdır ki, intihar edəndə insanların məqsədləri özlərini öldürmək olmur. Məqsəd yalnız və yalnız problemdən uzaqlaşmaq olur”. A.Kərimov deyir ki, intihara başqa vasitələr də zəmin yaradır: “Bunlardan biri də televiziya kanallarındakı cinayət işi ilə bağlı xəbərlərin yayımlanmasıdır. Seriallarda göstərilən intihar səhnələri bu prosesdə təbliğat rolunu oynayır”. Tədqiqatlar onu da göstərir ki, intihar cəhdləri qadınlarda daha çox müşahidə olunur. Lakin beynəlxalq ekspertlərin araşdırmalarına görə, intihar nəticəsində həyatını itirən şəxslərin 63 faizini kişilər, 37 faizini qadınlar təşkil edir. Psixoloqun qənaətincə, intiharların artması cəmiyyətdə depressiyanın güclü olmasının nəticəsidir: “İnsanlar ümidsiz olduqları zaman axırıncı addım kimi suisidə əl atırlar. O cümlədən kino, teatr və KİV-lərdə yayılan informasiyalar insanlara mənfi təsir edir. Həmçinin elə texnologiyalar da ola bilər ki, insanların intihara əl atmasına səbəb ola bilər”. Uşaqlar niyə intihar edir? Ən acınacaqlı hal özünəqəsd hallarının uşaqlar arasında da artmasıdır. Bəs həyatın mənasını dərk etməyən bu uşaqların intihara əl atmalarına səbəb nədir? A.Kərimov 3 səbəb görür: “Burada başlıca səbəb uşaqların özünü göstərməsi ilə bağlıdır ki, bu da əksər hallarda bədbəxt hadisə ilə nəticələnir. Uşaqların bu yolu seçmələrinin səbəbi ümidsizlik, qorxu, özünəqəsdi yamsılamaq, fiziki təzyiqlərdən qurtarmaq, ata-ananı itirmək, tənqidə məruz qalmağa tab gətirə bilməmək, özünəqapanmaqla əlaqədardır. Başqa bir məqam onların uzun müddət intihar haqqında fikirləşməsidir. Belədə daxildə özlərinə qəsd edirlər. Uşaqlar uzun-uzadı keşmişi fikirləşir, xatirələrlə yaşayırlar. Nəticədə fikirləşmədən bu addımı atırlar.Valideynlər uşaqlara nəzarət etməlidirlər. Bu gün ölkədə uşaqların müdafiə sistemi yoxdur. Çox zaman onlar ailədə istədiklərini ifadə edə bilmirlər. Onlara qarşı laqeydlik göstərilir, fərdi bacarıqları inkişaf etdirilmir, öz problemlərini kimsəyə deyə bilmirlər və onlara qarşı təzyiq olduqda kiməsə müraciət etmirlər. İndiki zamanda uşaqların ”nağıl dünyası" yoxdur, onlar ancaq reallığı fikirləşirlər. Məktəblərdə psixoloji xidmətlərə ehtiyac var. Bizdə uşaq ədəbiyyatı azdır. Televiziya, mətbuatın da rolu bu sahədə çox olmalıdır. Telekanallarda uşaqların mənəvi ehtiyaclarını ödəyəcək veriliş yoxdur". Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zəminə Əliqızının sözlərinə görə, təhsil ocaqlarında hər məktəbə bir psixoloq verilib: “Məktəb təhsil verir, psixoloji dəstək mərkəzi deyil. Bu sahədə KİV-in, ailənin rolu daha böyükdür. Məktəb bu mərhələlərdən sonra 4-cü yerdədir”. Zəminə Əliqızı onu da qeyd etdi ki, yaxın gələcəkdə məktəblərə psixoloq-müəllimlərin verilməsi nəzərdə tutulmayıb. Allaha inam və intiharlar... Məsələyə münasibət bildirən dini ekspert Kənan Rövşənoğlu İslam dinində insanın özünə qəsd etməsi və xəsarət yetirməsinin böyük günah olduğunu söylədi: “Qurani-Kərimin ”Nisa" surəsində Allah buyurub: “Öz-özünüzü öldürməyin”. Qurani-Kərimin “Yusuf” surəsindəsə deyilir: “Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir”". K.Rövşənoğlu deyir ki, dinimiz öz əcəli ilə deyil, istəyi ilə ölənlərin cəhənnəmə düşəcəyini də buyurub: “Əbu Hüreyrə (r. a.) Məhəmməd peyğəmbərin (ə.s.) belə dediyini rəvayət edib: ”Kim özünü bir dağdan atıb intihar etsə, o özünü Cəhənnəm odunda həmişə atəşə ata-ata qalar. Sonsuza qədər belə davam edər. Kim zəhər içib intihar etsə, Cəhənnəm odu içərisində zəhəri əlində içə-içə qalar. Əbədi olaraq belə davam edər. Kim də bir dəmir parçası ilə intihar etsə, Cəhənnəm odunda həmin dəmirlə özünə vura-vura qalar. Sonsuza qədər belə davam edər. Özünü boğub intihar edən Cəhənnəmdə də özünü boğar. Özünə bir şey batırmaqla intihar edən həmin şeyi Cəhənnəm atəşində də özünə batırar. Özünü hündür bir yerdən atıb intihar edən Cəhənnəmdə də özünü atar". Dini ekspertin sözlərinə görə, təkcə İslam dinində deyil, xristian dinində də intihar etmək ən böyük günahlardan sayılır: “Xristianlıqda intihar edənlər ölü duası, yəni meyit üzərində oxunan duadan məhrumdurlar. Əgər intihar edən insan dəli olarsa, bu hal onlar üçün yeganə istisnadır. Xristianlığa əsasən, belələrinə cəhənnəm əzabı düşür”. İşləməyən 125-ci maddə Azərbaycanda intiharların rəsmi statistikası aparılmır. Dövlət Statistika Komitəsi, Səhiyyə və Daxili İşlər nazirliklərindən, Respublika Prokurorluğundan intiharlarla bağlı statistik məlumat ala bilmədik. Bununla belə adları çəkilən dövlət qurumlarından Azərbaycanda intiharların artdığı etiraf olunub. Son vaxtlar Azərbaycanın şimal və cənub regionlarında intihara əl atmanın geniş yayıldığı müşahidə edilir. Özünə qəsd edənlərin əksəriyyəti isə 18-25 yaş arasında olan gənclərdir. Rəsmi qurumların nümayəndələri respublikda baş verən intiharların ayrıca statistikasının aparılmadığını deyiblər. Hüquq-mühafizə orqanlarından bildiriblər ki, bütün özünəqəsd halları barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılır və onun səbəbləri araşdırılır. Bəzi qeyri-rəsmi mənbələr isə bildirirlər ki, dövlət orqanları intiharlarla bağlı məlumatların yayılmasını məqsədəuyğun saymadığından onu açıqlamaq istəmirlər. Bəlkə elə buna görədir ki, qeyri-rəsmi mənbələr ölkəmizdə intiharların sayı barədə müxtəlif məlumatlar açıqlayırlar. Belə məlumatlara görə, Azərbaycanda ayda orta hesabla təxminən 20 nəfər özünəqəsd nəticəsində dünyasını dəyişir. Hüquqşünas Fariz Namazlı deyir ki, insanın intihar etməsi onun psixoloji durumu nəticəsində baş vermiş bir hadisədir. Hüquqşünasın fikrincə, intihar hadisəsi qeydə alınan kimi 125-ci maddə ilə cinayət işi başlanır: “Maddədə qeyd olunur ki, təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. F.Namazlı bildirdi ki, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə məsuliyyətə cəlb olunma təcrübədə çox az rast gəlinən haldır: “Ölkədə hər gün intihar halları baş verir. Bu halların hər biri üzrə müvafiq rayon prokurorluqları tərəfindən cinayət işi başlanılır. Lakin onların çox az sayda hissəsi kiminsə məsuliyyətə cəlb olunması ilə nəticələnir. Bunun da əsas səbəbi həm hüquq-mühafizə orqanlarının intihar hallarını ətraflı araşdırmaması, həm də qanunvericiliyin təkmil olmamasıdır. Cinayət Məcəlləsində yalnız zərərçəkmişin təqsirkar şəxsdən maddi, xidməti və ya sair cəhətdən asılı olması əsas götürülür. Tutaq ki, hansısa qız sevdiyi oğlana görə özünü öldürürsə, təbii ki, Cinayət Məcəlləsinə görə həmin oğlanı məsuliyyətə cəlb etməyəcəklər, yaxud işsizliyə görə ailə başçısı intihar edərsə, yenə də həmin nəticə baş verir. İndiyə qədər Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə kiminsə məsuliyyətə cəlb olunması yadıma gəlmir. Eyni zamanda Dövlət Statistika Komitəsində də bu maddə ilə neçə şəxsin məhkum edilməsi ilə bağlı məlumat yoxdur. Ona görə də intihar halları baş verdikdə açılmış cinayət işlərinə sonradan cinayət hadisəsi olmadığına görə xitam verilir. Təbii ki, hüquq-mühafizə orqanları baş vermiş hadisəni ətraflı araşdırmalıdır, intihar edən şəxsi buna vadar edən səbəbləri axtarmalıdır. Lakin araşdırılan işlər də səhlənkar aparılır və yekunda hər hansı şəxs məsuliyyətə cəlb olunmur”. Bəs çıxış yolu? ÖLÜM EŞQİ HƏYAT EŞQİNİ ÜSTƏLƏYƏNDƏ İnsanları fəlakətə sürükləyən intiharların sayı niyə azalmır? Psixoloq, dinşünas və hüquqşünaslar çıxış yolları barədə Psixoloq A.Kərimova görə, intiharların artması cəmiyyətin məhvinə səbəb ola bilər: “İnsanın yaşadığı mühit, aldığı tərbiyə, dünyagörüşü onun bir şəxsiyyət kimi yetişməsində, çətin məqamlarında çıxış yolu tapmasında böyük rol oynayır və insanın psixoloji müdafiəsi bu amillər əsasında formalaşır. İntihar edənlər də psixoloji cəhətdən özünü müdafiə edə bilməyən insanlardır. Səbəbindən asılı olmayaraq, ölkə ərazisində intihar hallarının çoxalması insanlar arasında ciddi sosial-psixoloji problemlərin mövcudluğundan xəbər verir”. Psixoloqun sözlərinə görə, Azərbaycanda psixoloji xidmətlər çox aşağı səviyyədə təşkil olunub: “Digər ölkələrdə insanların psixi durumunda ağır problemlər yarananda dərhal psixoloqa müraciət edirlər, dərdlərinə çarə axtarırlar. Bu gün Azərbaycanda, çox təəssüf ki, insanların psixoloqlara müraciət etməsi nadir hallarda olur. Düşünürəm ki, intiharın qarşısını almaq üçün bəzi hallarda KİV-lərə qadağa qoyulmalıdır ki, zorakılıq və ölüm səhnələri göstərilməsin. Bu qadağaların belə halların az baş verməsinə müəyyən qədər təsiri olacaq. Bundan başqa, istər valideyn, istər müəllim, istərsə də uşaqları əhatə edən dost-tanışları tez-tez psixoloji söhbətlər apararaq onlarda yarana biləcək gərginliyi aradan qaldırmalıdırlar, əks halda cəmiyyətin özü intihara doğru meyllənəcək və bu da dünyanın sonu deməkdir”. Günay MUSAYEVA
 
   
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol